Prezident İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
Dövlətimizin başçısı müraciətində Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını vurğulayıb, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyduğunu diqqətə çatdırıb, Fransa kolonializminin utancverici yeni metodlarının bu gün də davam etməsindən təəssüfünü bildirib. Prezident İlham Əliyev, eyni zamanda, Fransanın dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri olduğuna, Azərbaycanın mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutduğuna diqqət çəkib.
Dövlətimizin başçısı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlətimizin başçısının, eyni zamanda, Azərbaycanın beynəlxalq proseslərdə oynadığı mühüm rolun, o cümlədən dünyada kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər edilməsinə, bəşəriyyətin rifahı, dünyanın kolonializmdən xilas olması məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin əyani təzahürüdür.