Kənar Qərb güclərinin Qafqaza soxulmasının günahkarı tək Ermənistanmı? - Bəs Rusiya?..
Bu gün Cənubi Qafqazda Kanada və Fransanın fəallaşmaq cəhdləri var. Son bir ildə bu, özünü daha çox göstərir. Məsələ ondadır ki, Rusiyanın Ukrayna ilə müharibəsi fonunda Fransa sistemli olaraq Ermənistanda fəallığını artırır.
Belə ki, Fransa ən yüksək səviyyədə davamlı və birtərəfli olaraq Ermənistanı dəstəkləyir. Bir necə dəfə Fransa nazirləri Ermənistanda olub və bəyanatlar veriblər. Bilavasitə Fransanın təşəbbüsü ilə Avropa İttifaqının müşahidə missiyası Ermənistana göndərildi, daha sonra onların orada qalma müddəti 2 ilə qaldırıldı. İndi də müşahidəçilərin sayının 400 nəfərə çatdırılması gündəmdədir. Siyasi dəstəklə yanaşı, Fransa Ermənistana hərbi dəstəyin də verilməsinə rəsmən qərar verib. Bununla əlaqədar Ermənistana ilkin olaraq müdafiə silahları satılacaq.
Fransa ilə yanaşı, Kanada da uzaq Amerika qitəsindən gələrək Ermənistanı dəstəkləyir. Kanada Aİ-nin müşahidə missiyasında təmsil olunur. Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri bir sıra dəstək bəyanatları ilə çıxış edib. Hətta bununla kifayətlənməyib Azərbaycanla sərhədə gedib. Məlum məsələdir ki, bütün bunlarda əsas günahkar Ermənistandır. Çünki regiona yad qüvvələri gətirir. Bəs baş verənlərdə 1988-1989-dan bu yana səhv siyasət aparan Rusiyanın günahı yoxdurmu?
- “Regional münaqişələri qızışdırır, Fransa və Kanada da bundan məharətlə istifadə edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, kənar güclərin Qafqaza soxulmasında Rusiyanın da günahı var: “Təbii ki, bunda Rusiyanın günahı var. Məsələ ondadır ki, 1988-1989-cu illərdə SSRİ rəhbərliyinin, ondan sonra varis rolunda çıxış edən Rusiyanın separatizmi dəstəkləməsi böyük yanlış idi. Üstəlik, nəzərə alınmalıdır ki, erməni separatizmi SSRİ-nin çökməsinin sürətlənməsində bu və ya digər dərəcədə rol oynadı. Rusiyanın Cənubi Qafqazda separatizmi və Azərbaycana qarşı işğalı dəstəkləməsi 30 il ərzində regionda destabilizasiyaya xidmət etdi. Əlbəttə ki, bu amildən istifadə edən Qərbdəki oyunçular regionda var olmaq üçün siyasi oyunların miqyasını genişləndirdilər. Həmin dövlətlər maraqlı deyildilər ki, münaqişələrə son qoyulsun. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi fonunda Rusiyanın da regionda təsirləri əhəmiyyətli şəkildə zəiflədi. Bundan istifadə edən Fransa və Kanada regionda Rusiyanı əvəzləməyə çalışır. Halbuki, Rusiya 30 il ərzində bunu etməsəydi, belə hallar baş verməzdi. Zamanında Rusiya erməni separatizmini hərtərəfli himayə etməsəydi, indiki vəziyyət yaranmazdı. O üzdən, təbii ki, bütün bunların baş verməsində Kremlin günahı az deyil. Daha sonra Rusiya 10 noyabr Birgə Bəyannamədən irəli gələn bəndləri yerinə yetirsəydi, yenə də geosiyasi mübarizə bu dərəcədə böyük olmazdı. Ona gorə də Rusiyanın siyasəti region üçün daima təhdid olub. Sülh istiqamətində real addımlar atmadı, vəziyyəti böhranlı olaraq idarə etdi. Rusiya hazırda da sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Regional münaqişələri qızışdırır. Fransa və Kanada da bundan məharətlə istifadə edir”.
Vidadi ORDAHALLI