Saziş fürsəti gəldi - ermənilər əla başa düşür ki...
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmadan inkişaf edə, təhlükəsizliyini tam şəkildə təmin edə bilməz. Artıq bu xüsusda Ermənistanda da rəsmi səviyyədə etiraflar artır.
Burada belə bir fikir hakim olmağa başlayır ki, Qarabağ məsələsinin həllindən sonra, Azərbaycanın dediyi kimi, sülh üçün daha yaxşı şans yaranıb. Bunun əldən verilməsi Ermənistana yeni problemlərdən başqa heç nə vəd etmir.
Qeyd edilənlər fonunda Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryanın səsləndirdiyi fikirlər xüsusi diqqət cəlb edir. Onun sözlərinə görə, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması beynəlxalq faktdır, hüquqi faktdır: “Və heç bir normal dövlət bunun əksini deyə bilməz, bunlar beynəlxalq səviyyədə tanınmış sərhədlərdir və onlar qorunub saxlanılır. Niyə 44 günlük müharibədən sonra Ermənistan sülhə doğru getdiyini, ölkəmizdə sülhə hər şeydən çox ehtiyac olduğunu bəyan etdi? Çünki müharibədən sonra resurslarımız, ölkənin vəziyyəti və siyasi vəziyyət ilk növbədə Ermənistanı təhdid edirdi. Siz necə təsəvvür edirdiniz, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan edir, Azərbaycan ərazilərinin bizim olduğunu deyir və onları ələ keçirmək istəyir? Bu, birbaşa müharibənin başlanğıcı olardı, bir neçə günə müharibə başlayacaqdı. De-yure bütün dünya tanıyır ki, Qarabağ Azərbaycanın ərazisidir. Bura Azərbaycan ərazisidir. Qarabağ ermənilərinin müqəddəratını kim tanıdı? Heç kim tanımadı. Bu gün bu geosiyasi şəraitdə bu ordu ilə, 3 milyonluq xalqımızla bu bölgədə müharibəyə başlaya və qalib gələ biləcəyimizi düşünən varmı? Həm bu gün Ermənistanın üzləşdiyi problemlər, həm də bizi təhdid edən qüvvə tamamilə müqayisəolunmazdır, xüsusən də müttəfiqlərimizin yalnız kağız üzərində müttəfiq olduğu ortaya çıxanda”. O bildirib ki, belə vəziyyətdə “Qarabağ hökuməti”ni Ermənistan ərazisində bərpa etmək istəyənlərin cəhdləri əbəsdir, düşmənçilik aktıdır: “Qarabağ hökuməti” yalnız Qarabağda ola bilər, “başqa ərazi qurumunun hökuməti” başqa heç bir ölkədə fəaliyyət göstərə bilməz. “Sürgün hökuməti” və sair, belə bir şey olmayıb, belə bir şey əsrin əvvəllərində çar Rusiyasının hər bir Avropa ölkəsində çarı olanda olub”. Xaçatryan qeyd edib ki, bu gün Ermənistanda Qarabağdan gələn 100 min nəfər məskunlaşıb və onlar öz sosial və təhlükəsizlik hüquqlarını təmin etmək üçün hər şeyi edəcəklər: “Zamanla vətəndaşlıq məsələsi də həllini tapacaq”. “Qarabağ səhifəsini bağlamısınızmı” sualına erməni deputat belə cavab verib: “Xeyr. Biz hər şeyi edəcəyik ki, Qarabağ sakinlərinin mülkiyyət hüquqları qorunsun. Ermənilər orada külli miqdarda mülk və təsərrüfat qoyub gəliblər, onların mülk və təsərrüfat hüququ var. Onların öz yaşadıqları yerə qayıtmaq hüququ var. Bu istiqamətdə beynəlxalq arenalarda proseslər aparılacaq”.
Qeyd edək ki, Azərbaycan da Qarabağı tərk edən ermənilərin qayıdış hüququnun olduğunu bildirir. Xaçatryan isə onu da vurğulayıb ki, “qartopu getdikcə böyüyəcək”, Azərbaycanın iştirakı ilə sülh müqaviləsi bağlanacaq: “Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesində xeyli irəliləyiş var. Ən pisi odur ki, danışıqlar ümumiyyətlə baş tutmur. Bu gün danışıqlar prosesində xeyli irəliləyiş var, Azərbaycan bir sıra prinsiplərlə razılaşır. Əvvəllər belə razılaşmalar yox idi. Artıq böyük addım atılıb. Fikrimcə, bu qartopu getdikcə böyüyəcək və sülh müqaviləsi Azərbaycanın iştirakı ilə bağlanacaq”.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, Azərbaycan ilə sülh sazişi imzalamaq və Türkiyə ilə münasibətlərin normallaşdırılması hökümətinin planları arasındadır. Paşinyan Ermənistan parlamentində 2024-cü ilin büdcə planının müzakirəsi zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması üçün üç əsas prinsip üzrə razılıq əldə olunduğunu bildirib: “Onlardan birincisi tərəflərin bir-birinin ərazi bütövlüyü qarşılıqlı olaraq tanımasıdır: Bakı Ermənistanın ərazisini 29,8 min kvadratkilometr, İrəvan isə Azərbaycanın ərazisini 86,6 min kvadratkilometr olaraq tanıyır. Rəqəmlər 1977-ci il Sovet ensklopediyasından götürülüb”. Paşinyan qeyd edib ki, razılaşdırılan ikinci prinsipə əsasən, tərəflər Alma–Ata Bəyannaməsi əsasında delimitasya həyata keçirmək barədə razılığa gəliblər. O, üçüncü prinsipin regional kommunikasyaların keçdiyi ölkələrin suverenliyi və səlahiyyətləri altında, bərabərlik və qarşılıqlılıq əsasında açılması olduğunu qeyd edib. Paşinyan Türkiyə ilə sərhədin üçüncü ölkələrin vətəndaşlarına və diplomatik pasport sahiblərinə açılması ilə bağlı razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib: “Biz Cənubi Qafqaz regionunda yerləşirik, bizim dörd qonşumuz var və bizim qarşılaşa biləcəyimiz əsas təhlükələr və fürsətlər onlarla olan münasibətlərimizə bağlıdır”. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Azərbaycan sülh gündəminə sadiqdir: “Ölkəmiz sülh müqaviləsinin imzalanmasında israrlıdır. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir”. O qeyd edib ki, hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı təklifi rəsmi Bakı 2021-ci ilin fevral ayında Ermənistan tərəfinə göndərib: “Təəssüflər olsun ki, Ermənistan tərəfi təxminən bir il ərzində bu təklifə qarşılıq vermədi. Əlavə olaraq, Azərbaycan tərəfindən 2022-ci ilin fevral ayında ilk dəfə olaraq qeyd olunan sülh sazişinin beş təməl prinsipi barədə Ermənistan tərəfinə təklif göndərilib”. Nazir müavini bildirib ki, ancaq 2022-ci ilin avqust ayında Brüssel görüşündən sonra rəsmi İrəvan Azərbaycan ilə gələcək sülh sazişinin şərtləri üzərində müzakirələrin başlanması ilə bağlı qərar verib. Elnur Məmmədov qeyd edib ki, Azərbaycan sülh sazişi imzalanmasında qərarlıdır və Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra bunun daha asan olması gözlənilir: “Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bugünə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”.
Samirə SƏFƏROVA