ABŞ səfirindən inanılmaz - "Ermənistan təcavüzə uğrayıb?..”
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Ermənistanın cənubuna səfər edib və Azərbaycana işarə edərək təxribatçı fikirlər səsləndirib:
“Prezident Bayden Ermənistanın baş nazirinə ünvanladığı son məktubunda ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və demokratiyasına tam dəstəyini bir daha təsdiqləyib. İlk növbədə, bu öhdəlik xüsusilə regional münaqişə və xarici təcavüzün təsirinə məruz qalmış Sünik bölgəsinə aiddir və Sünik bu yaxınlarda Dağlıq Qarabağdan didərgin düşmüş 100 mindən çox etnik ermənini qəbul edib. Lakin bu çətinliklərə və çağırışlara baxmayaraq, Ermənistanın və Sünik bölgəsinin qanunun aliliyinin möhkəmləndirilməsinə sadiqliyi dəyişməz olaraq qalır. Məhz bu öhdəliyə görə Ermənistan Cənubi Qafqazda demokratiyanın çırağı olaraq qalır”.
Hansı xarici təcavüzdən söhbət gedə bilər? Səfir həm də elə fon yaradır ki, guya Azərbaycan Zəngəzura hücum edəcək.
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal etdi, 30 il işğalda saxladı: “Bu zamanlar ərzində də Amerika, Fransa, Almaniya heç biri səsini çəxarıb hər hansı bəyanatlarda çıxış etmədilər. Baxmayaraq ki, BMT - nin 4 məlum qətnaməsi vardı. Bu qətnamələr də icra olunmamış qaldı. Nəhayət, başda Müzəffər Ali Baş Komandan olmaqla, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü bərpa etdi. Keçən ilin sentyabrında bizə daim təhdidlər göndərən, bizə təxribat törədilən yüksəklikləri aldıq. Ondan sonra car çəkdilər ki, 400 kv km onların yüksəkliklərini götürmüşük, guya onların ərazilərini işğal etmişik. İlk olaraq, həmin ərazilər Azərbaycan əraziləridir və sərhədlərin delimitasiya, demarkasiyası olmadığına görə bu məsələni belə səsləndirmək yersizdi. Biz verdiyimiz sözə daim əməl etmişik. Bunu beynəlxalq ekspertlər də bilir. Biz Ermənistandan 2020 - ci il noyabrın 10 - da imzalanmış üçtərəfli bəyanatın 9 - cu maddəsinin yerinə yetirilməsini istəyirik, bunu da ermənilər etmirlər. Biz də bu məsələni İranla danışıb həll etmişik. Bu yaxınlarda həmin yolun tikilməsi, körpünün salınması üçün Azərbaycan öz büdcəsindən ora maliyyə də ayırdı. Biz heç kimi təhdid etmirik. Həmin məsələdən sonra Ermənistanın baş naziri həmin yolların açılmasını, parlament iclasında 3 əsas məsələ ilə sülh müqaviləsinin bağlanmasını irəli sürdü. Əsas da kommunikasiyaların açılması məsələsi irəli sürüldü. Bütün bunlarla bağlı xüsusi bölüm də yaradıb. Yəni artıq cəhd göstərir ki, beynəlxalq kommunikasiya Ermənistan ərazisindən keçsin. Ancaq bunun üçün gecdir. Paşinyan başa düşür ki, dəfələrlə onlar beynəlxalq kommunikasiyalardan geridə qalıblar. Biz dəfələrlə onları başa saldıq ki, bu ən çox Ermənistanın özünə xeyirdi. Ancaq bunu başa düşmədilər. Yenə də bu məsələyə qayıda bilərik. Ancaq hər şey Ermənistandan asılıdır. Amerikanın Ermənistanda olan səfirinin dediyinə görə, bunlar köhnə məsələlərdir. Prezident Bayden dəfələrlə Azərbaycanın bütövlüyünü, süverenliyini dəstəklədiyini vurğulayıb, Azərbaycanla əməkdaşlığın artırılmasını istədiyini bildirib. Bütün bunlar hələ ki, sözdən ibarətdir. Azərbaycanın əsas məqsədi torpaqlarını erməni silahlı dəstələrindən təmizləmək, ərazilərimizin süverenliyini bərpa etmək idi. Biz də bunu etdik. Bu gün Azərbaycan öz ərazilərində quruculuq işləri aparır. Öz işi ilə məşğuldu. Ancaq Amerika Ermənistanın Cənubi Qafqazda demokratiya çırağı olacağını düşünürsə, qoy olsun. Son dövrlər orda Avropa İttifaqının müşahidəçilərinin də sayını artırmaq istəyirlər. 400 nəfərə çatdırmağa çalışırlar. Bu onların anlamında guya demokratiyadır. Əslində isə onların demokratiyasının əsas qayəsi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, Rusiyanın Ermənistandakı hərbi bazasını çıxarmaq və sərhədlərin qorunmasını rusların əlindən almaqdır. Bunlar isə yaxın zamanlarda gözlənilən məsələ deyil. Reallığı nəzərə almaq lazımdır. Lavrovun son bəyanatında Rusiyada olan ermənilərdən yüz min nəfərinin Ermənistana göndərilməsi o deməkdir ki, biz hər an bu varianta əl ata bilərik. Bu da o deməkdir ki, yüz min erməni orada mitinq edib Paşinyanı devirəcək. Bununla da Paşinyanın Ermənistandakı demokratiya çırağını söndürəcəklər. İnsallah, ümid edirəm ki, belə də olacaq. Ancaq biz onların daxili işlərinə qarışmırıq. Biz öz işimizlə məşğuluq”.
Məhəmmədəli QƏRİBLİ