Rusiyadan Ermənistana gedən turistlər niyə bu qədər çoxalıb?..
Ermənistana səfər edən rusiyalı turistlərin sayı açıqlanıb. Bildirilir ki, ilin əvvəlindən Ermənistana rusiyalı turist axını 64,3% artaraq 945 min nəfərə çatıb. Ermənistan Respublikasının maliyyə naziri Vahe Hovhannisyan bildirib ki, turistlərin sayında 48,8% artım var.
Digər tərəfdən, Rusiya Federasiyasından gələn turistlərin sayında 64,3% artım var. Yanvar-sentyabr aylarında Ermənistana 1 milyon 850 min turist səfər edib ki, bunun da 945 mini Rusiyadan olub.
Maraqlıdır, Rusiyadan Ermənistana gedən turistlər niyə çoxalıb?
- “Ermənistan turizmi geridə qalıb, həmin ölkənin iqtisadiyyatı günü-gündən zəifləyir, siyasi gərginlik yaşanır”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Rusiyadan Ermənistana gələn turistlərin sayının artması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir: “Ermənilər bununla Rusiya ilə münasibətlərin normal olduğunu göstərmək istəyir. Guya ruslar Ermənistana gəlib-gedir. Ruslar turistik yer kimi Ermənistanı arzulayır, sevə-sevə ora gedirlər. Onu da deyim ki, ruslar Ermənistana tək istirahət üçün getmir. Əsasən, hərbçilər iş dalınca həmin yerə gedirlər. Ermənistanın bəzi qurumları da hər gəlib-gedəni turist kimi təqdim edir”.
Partiya sədri onu da əlavə etdi ki, Ermənistan turizmi geridə qalıb. Həmin ölkənin iqtisadiyyatı günü-gündən zəifləyir, siyasi gərginlik yaşanır. Ümumiyyətlə, turistlər iqtisadiyyatı zəif, siyasi qarşıdurma olan yerlərə üz tutmur. Həmçinin, Ermənistan turizmi cəlbedici deyil. Bununla yanaşı, Ermənistanda turistik zonalar yox səviyyəsindədir.
A.Nağının sözlərinə görə, turistlər adətən stabil ölkəyə getməyə üstünlük verir. Ancaq Ermənistanda stabil heç nə yoxdur. Bu ölkədə yaşanan narazılıqlar, etirazlar turistlərin diqqətindən yayınmır: “Danılmaz faktdır ki, turist hansısa öılkəyə istirahətə gedirsə ilk növbədə həmin ölkənin siyasi, iqtisadi durumu ilə maraqlanır. Ermənistan rəsmiləri bilərəkdən yanlış məlumat yayırlar ki, guya bunların iqtisadiyyatı inkişaf edir. Ancaq görünən mənzərə fərqlidir”.
Günel CƏLİLOVA