“İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir” - Əhliman Əmiraslanov
Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər - ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib.
“Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Dastanda adı çəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü oğuz qəhrəmanlarının doğma yurdları olub və bu ərazilər indi Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisi daxilində yerləşir. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək ermənıləşdırilib.
Tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən möhtərəm Prezidentimiz İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən deyib: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Tarixdə saxtakarlıq sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. 1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edib. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2012-ci il tarixli Sərəncamına əsasən ovaxtkı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən çap olunan "Cənubi Qafqaz. 1903-cü il" xəritəsindən gedir. Üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr olunan xəritələrin nüsxə sayı hər bir dildə 25 min ədəddir. Xatırladaq ki, "Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda" xəritəsi ümumilikdə bütün Qafqazı əhatə edir. 1903-cü il xəritəsi Qafqaz Hərbi Dairəsinin litoqrafiya və hərbi topoqrafiya şöbəsində tərtib olunub. Xəritə XX əsrin lap başlanğıcında nəşr edildiyi üçün bədnam qonşularımızın əsassız iddialarına cavab vermək məsələsində mühüm əhəmiyyətə malikdir. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir.
Məsələn, Azərbaycan tarixində misilsiz yeri olan Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən dədə yurdlarımızdandır. Bu ərazi Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti zamanında Göyçə mahalı süni şəkildə beş inzibati rayona bölünüb. Onlar Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonlarıdır. Basarkeçər adının sonradan Vardenisə çevrilməsi türk mənşəli bir toponimin üzərinə edilən növbəti erməni təcavüzüdür. Göyçə mahalı Azərbaycan folklorunun, aşıq sənətinin vətənlərindən biri kimi məşhurdur. Bu mahal türk mənşəli toponimlərlə zəngindir. Həmin toponimlərin əksəriyyəti dəyişdirilsə də, onların adları bədii ədəbiyyatda, yaddaşlarda yaşayır.
Çıxışımı ölkə başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm. Prezidentimiz bildirdi ki, “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar” sözlərinin hər birimizdə yaratdığı böyük inama güvənərək bir daha qeyd etmək istəyirik ki, vaxt gələcək Azərbaycan torpaqlarının yaddaşı olan, pasportuna çevrilən yer-yurd adları yenidən vətəndaşlıq hüquq qazanacaq. Biz buna tam əminik.
Əhliman Əmiraslanov
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik