İrəvan anklav kəndlərimizi qaytarır, Zəngəzur dəhlizi ilə bağlı vəziyyət dəyişir...
Məlum olduğu kimi, bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Telefon söhbəti zamanı prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
Elə bunlar fonunda Ermənistanda anklav kəndlərlə bağlı yenidən gərgin müzakirələr başlayıb. Qeyd edək ki, Ermənistan hələ də Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etməyib. Bunlar fonunda o da bəllidir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının sədri, Almaniya və Fransa liderləri ilə keçirilən görüşdə bəyannamə imzalayıb. Paşinyanın imzaladığı sənəddə, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisinin 86,6 min kvadrat kilometr olduğu bəyan edilib. Bu da o deməkdir ki, Paşinyan hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş olur. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu xüsusda bildirir: “Nikol Paşinyanın səhvləri davam edir, son nümunə onun Qranadada imzaladığı bəyanatdır. Bu bəyanatın mahiyyəti nədir? Qarabağ məsələsi ümumiyyətlə yaranmır. Söhbət Ermənistan Respublikasının ərazi bütövlüyündən gedir. Və görəsən biz doğrudan da Qarabağ məsələsində Ermənistanın ərazi bütövlüyünə nail olmuşuqmu və qəhrəmancasına təsəvvür edirsiniz ki, siz nəsə edibsiniz, uğur qazanmısınız, dünya ərazi bütövlüyümüzü tanıyır? Ciddisinizmi? Ola bilsin ki, Paşinyanın dediyi ərazi bütövlüyü bizim üçün qeyri-müəyyəndir, orada qeyd olunan rəqəmlər bu gün xalqımız üçün heç bir əhəmiyyət kəsb etmir. Ən azından bu vəziyyətdə Paşinyan bu gün xalqın qarşısında dayanmalı, xalqın gözünə baxmalı və həqiqətən deməlidir ki, bu rəqəmlərə nə daxildir. Biz başa düşürük, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olduğunu qeyd edirsiniz. Bura anklavlar daxildirmi?
Ətrafınızdakılar deyir ki, bu yoxdur, amma siz mətbuat konfransınızda dediniz ki, anklavlar bu rəqəmə daxildir, bunu da verirsiniz. Həqiqətən də bunu verirsiz? Siz ərazi bütövlüyünü belə başa düşürsünüz ki, Ermənistan Respublikası vətəndaşı İran və ya Gürcüstana getməzdən əvvəl Azərbaycandan keçməlidir? Paşinyan Qarabağdan sonra anklavları da təslim edirsə, deməli, getməli olacaq”. Lakin Oskanyanın dedikləri, əslində, tamamilə cəfəngiyatdır. Hələ cari ilin iyun ayında Paşinyan özü etiraf etmişdi ki, Azərbaycana aid kəndlərin qaytarılması Ermənistanın İran və Gürcüstana çıxış yollarının məhdudlaşacağı demək deyil: “Ermənistan ərazisində elə anklav yoxdur ki, onun qaytarılması ilə həlledilməz yol problemi yaransın. İlkin versiya kimi Kərki kəndini götürək. Bu kəndin qaytarılası ilə İrəvandan Dərələyəzə və s. yol məhdudlaşa bilər. Götürək ki, biz məsələyə hüquqi baxımdan yanaşırıq. Əgər siyasi baxımdan müəyyənləşsə ki, bu kənd Azərbaycana aiddir və bu, xəritələrlə təsdiqlənir, onu qaytarmaq problem deyil”. Paşinyan qeyd edib ki, bu məsələni şişirtmək olmaz, çünki bu, həll edilməsi mümkün olmayan problem yaratmayacaq: “Əgər ordan yol olmasa, başqa yerdən yol olacaq. Heç bir problem yoxdur”. Baş nazirin sözlərinə görə, Ermənistan yol şəbəkəsini elə inkişaf etdirir ki, belə problemlər yaranmasın. Amma Paşinyana müxaliflər iddia edir ki, anklav kəndlər Azərbaycana verilsə, vəziyyət dəyişəcək. İddia olunur ki, bu halda İrəvan-Tiflis avtomobil yolu hər iki tərəfdən bağlanacaq. Sofulu və Barxudarlı kəndləri veriləcəyi halda Azərbaycan İrəvan-Tiflis magistralına və Berdə gedən əsas yola nəzarət edəcək. Kərki qaytarılacağı halda, İrəvan-Zəngəzur yolu Azərbaycanın nəzarətinə keçəcək.
Azərbaycan hesab edir ki, əslində, Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın kommunikasiya sarıdan heç bir problemi olmayacaq. ABŞ-ın Avrasiyada etnik və dini məsələlər üzrə eksperti Pol Qobl qeyd edir ki, Zəngəzur dəhlizi regionda yeni reallıqlar yaratmaq iqtidarındadır: “Bakı tam qələbə qazandığını hiss edir. İran təəssüflənir. Buna görə də Zəngəzur məsələsinin necə nəticələnəcəyini bilmək üçün bir qədər vaxtımız var. Mən son 35 ildir Zəngəzur məsələsini izləyirəm və buna görə də hadisələrin necə inkişaf edəcəyi ilə maraqlanıram, amma tam əmin olduğum odur ki, bu gün hadisələrin necə inkişaf edəcəyini bilmək üçün kifayət qədər məlumatımız yoxdur. Çox sayda oyunçu var və vəziyyət bir müddət mürəkkəb olaraq qalacaq”. Ermənistan parlamentinin keçmiş deputatı Vahe Akopyan isə iddia edir ki, Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi məsələsi həll olunub. Akopyan Nikol Paşinyanın bu və digər məsələlərin həlli ilə bağlı Azərbaycan qarşısında götürdüyü öhdəlikləri və imzalanmış anlaşmaları yerinə yetirəcəyini söyləyib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq. Onun sözlərinə görə, Azərbaycanla Naxçıvanı birləşdirəcək bu dəhliz bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək. Nazir müavini vurğulayıb ki, bu il iyunun 2-də üçtərəfli işçi qrupun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamətində mühüm irəliləyişin olduğunu qeyd ediblər: “Amma biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması, daha doğrusu Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Mehri marşrutunun yaradılması ilə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımıza razılıq əldə etməkdə aktiv kömək edirik. Axı biz Ermənistan ərazisindən keçən dəmir yolundan danışırıq, ona görə də mən Mehri marşrutu adından istifadə etməyə özümə icazə verirəm... Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Belə deyək ki, bu formula hər kəsi qane edir. Biz inanırıq ki, bu razılaşma Cənubi Qafqazda ümumi sabitlik üçün çox mühüm amil olacaq. Bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki hissəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Ona görə də, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirmək əzmindəyik”. Qaluzin Ermənistanda Qarabağdan sonra yeni müharibənin Zəngəzur dəhlizinə görə baş verəcəyi qorxusu ilə bağlı və Bakı ilə İrəvan arasındakı ziddiyyətləri necə həll etmək olar suallarını da cavablandırıb. Bildirib ki, bunu yalnız danışıqların davam etdirilməsi və nəzəri baxımdan qarşılıqlı məqbul çözümlərin tapılması ilə həll etmək olar: “Praktiki olaraq biz hesab edirik ki, hər bir tərəfdən hökumət başçılarının müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupun iclası davam etməlidir. Əlbəttə ki, hər şey beynəlxalq hüquq çərçivəsində edilməlidir. Ancaq sizin qeyd etdiyiniz qorxuya, hansısa hərbi əməliyyatın mümkünlüyünə gəlincə, Rusiya bütün problemlərin siyasi və diplomatik yollarla həllini arzuolunan hesab edir”.
Samirə SƏFƏROVA