Azərbaycan Qranadada hazırlanan məkrli oyunu pozdu
Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Belə ki, Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib.
Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi. Bundan əvvəl isə belə formatda görüş Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Fransa prezidentinin və Almaniya kanslerinin iştirakı ilə baş tutmuşdu. O vaxt da Fransa danışıqlara zərbə vuran mövqe nümayiş etdirdi. Azərbaycanın mövqeyi bu formatla bağlı da mühüm oldu. Bakı bəyan etdi ki, Kişinyovdakı görüş “format” olmamalıdır, Brüssel formatını dəyişməməlidir. İrəvan isə buna əks mövqe ortaya qoydu: “Kişinyov formatı”nın siyasi çəkisini artırmaq üçün mümkün olan hər şeyi etdi. Almaniyanın bu formatda balanslaşdırıcı rol aldığı ilə bağlı iddialar da özünü doğrultmadı. Bunların ardınca Azərbaycanın antiterror tədbirlərindən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirdi ki, Rusiya Qarabağ ətrafında sülh və təhlükəsizliyi təmin etməyib. Avropa İttifaqı Şurasının prezidenti hesab edir ki, Rusiya etnik ermənilərə xəyanət edib. O qeyd edib ki, hərbi əməliyyat zamanı Qarabağı öz nəzarətinə qaytaran Azərbaycanla münaqişədən belə bir dərs çıxarmaq lazımdır: “Vəziyyət aydındır, Rusiyanın erməni əhalisinə xəyanət etdiyini heç kim görməyə bilməz. Rusiya öz əsgərlərinin orada olmasını və sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət verməsini istəyib. Biz görürük ki, bu hərbi əməliyyat, bildiyiniz kimi, orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, hadisə yerində olan Rusiyadan zərrə qədər reaksiya gəlmədən başlayıb”. Bununla da uzun müddətdir tərəflər arasında sülhün əldə olunmasına çalışdığını nümayiş etdirən Mişel bu mövqeyi ilə təəccübləndirib. Əslində o, Azərbaycanın mülki əhaliyə ziyan vurmadan keçirdiyi antiterror tədbirini və Qarabağda başlatdığı reinteqrasiya prosesini dəstəkləməli olduğu halda, Rusiyanı bu addımlara qarşı çıxmağa təhrik edən mövqe sərgiləyib. Beləliklə, Mişel Qranada şəhərində Ermənistan və Azərbaycan arasında vasitəçiliyini sual altına alıb.
Digər tərəfdən, qeyd edildiyi kimi, Azərbaycan Qranada şəhərində olacaq görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib. Çünki belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər. Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər. Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək. Onu da xatırladaq ki, Azərbaycan 2020-ci ilin 10 noyabr qələbəsindən sonra regional məsələlərin həlli üçün “3+3” formatını təklif edib. Hazırda İran da qəti şəkildə bu formatın tərəfdarı olduğunu Ermənistana bəyan edib. Təsadüfi deyil ki, İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana qeyri-region ölkələrinin regiona müdaxiləsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib və “3+3” formatlı platformanın vacibliyi vurğulanıb. Bakı bu formatı da məqbul hesab edir.
Samirə SƏFƏROVA