İlham Əliyevin Qranada səfərindən imtinası şəraitə tam adekvatdır... Nə qədər ki, Fransa açıq ermənipərəstlikdən çəkilməyib...
"Azərbaycan prezidentinin İspaniyada Avropa Siyasi Birliyinin zirvəsində iştirakdan imtina erməsi reallığa uyğun qərardır və təqdir olunmalıdır. Məlumdur ki, bu zirvə kontekstində Ermənistan rəhbərliyi ilə çoxtərəfli formatda görüş də öncədən nəzərdə tutulurdu və bundan əvvəl may ayında Avropa Siyasi Birliyinin Kişinyov zirvəsində növbəti zirvənin oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcəyi bəyan edilmişdi."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Azərbaycan prezidentinin İspaniyada Avropa Siyasi Birliyinin zirvəsində iştirakdan imtina erməsi barədə qərarını şərh edərkən yazıb.
A.Quliyev daha sonra yazır: "O da razılaşdırılmışdır ki. Kişinyovda olduğu kimi Qranadada da Azərbaycan- Ermənistan rəhbərlərinin görüşü Şarl Mişelin , Almaniya və Fransa prezidentlərinin də qatılması şərtilə beştərəfli formatda keçirilsin.
Əslində Azərbaycan hələ may ayında Kişinyov görüşünə ən azı Fransa prezidenti Makronun qatılmasına etiraz edə və Ermənistanın faktiki ortağına çevrilmiş Makronun prosesdən kənarlaşdırılmasına nail ola bilərdi.Bunun üçün kifayət qədər əsaslar var idi.Heç olmasa ona görə ki, Ermənistan hələ 10 noyabr razılaşmasının müddəalarını icra etməmişdi, qanunsuz silahlı dəstələri Qarabağdan çıxarmamışdı və bu işdə Fransa ona açıq dəstək verirdi .Eyni zamanda Fransa Azərbaycan üçün qırmızı xətt sayılan ermənilərin status məsələsi deyilən mövqedə təkid edir və faktiki olaraq bölgədə sülh prosesinin əsaslarını sarsıdırdı.Bütün bunlar həqiqət olsa da, Azərbaycan prezidenti yenə böyüklük edərək və Fransanın nəhayət ədalət prinsiplərinə uyacağına şans verərək Makronun da qatıldığı Kişinyov görüşündə iştiraka razılıq vermişdi...
Avropa Siyasi Birliyinin may zirvəsindən ötən müddət ərzində Makron və ümumən Fransa nəinki onlara verilmiş şansa hörmətsizlik etdilər, üstəlik Ermənistanı birtərəfli qaydada daha emosional və həyasız şəkildə müdafiə etməkdə davam etdilər.
Digər tərəfdən ,Fransa Azərbaycanın 19- 20 sentyabr Antiterror tədbirlərinin yaratdığı yeni reallıqları çox aqressiv qarşıladı, Ermənistanla faktiki hərbi müttəfiqlik münasibətlərinə getməklə bölgədə sülh üçün daha dağıdıcı mövqe tutdu.Antiterror tədbirlərinin ən böyük nəticəsi olan Azərbaycanın suverenliyinin bərpası əleyhinə açıq düşmənçilik göstərən Fransanın bölgədə normallaşma proseslərində iştirakının daha heç bir mənası qalmır .Fransa bölgədə gərginliyi körükləməklə yenidən qayıtmağı hədəfləyib.
Təbii ki, Azərbaycanın buna yenidən şans verməsi və Ermənistanla danışıqlarda Fransanın iştirakına razılıq verməsi mümkünsüzdür.
İlham Əliyevin Qranadaya getməkdən imtinası əslində Fransanın və Almaniyanın bu danışıqlarda iştirakını məqbul saymamasının ifadəsidir və şəraitə tam adekvat yanaşmadır.Çünki hər 2 ölkə Antiterror tədbirlərinin nəticələrini və deməli, Azərbaycanın suverenliyini qəbul etmir,heç bir əsas olmadan Qarabağda ermənilərin guya etnik təmizləməyə məruz qaldıqlarını iddia edirlər..."
Mətləb