Bakı və İrəvan razılaşdı - saziş imzalanacaq....
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
Görüş zamanı iştirakçılar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər. Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarından danışıb.
Görüş, həmçinin, oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşünün aktuallığı barədə iştirakçılar arasında intensiv fikir mübadiləsi aparmağa imkan verib:
“Aİ hesab edir ki, Qranadada mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər”.
Hadisələrin gedişi onu deməyə əsas verirmi ki, yaxın zamanda sülh sazişinin imzalanması qaçılmazdır?
Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son lokal antiterror əməliyyatları regionda yeni siyasi konfiqurasiyanın yaranmasına ciddi səbəb oldu: “Bu, eyni zamanda da Azərbaycan-Ermənistan sülh gündəliyinə öz müsbət təsirini göstərdi. Birincisi, Azərbaycanın mövqeyi bu əməliyyatlardan sonra daha da gücləndi. Suverenliyi tam şəkildə bərpa etmiş Azərbaycan artıq Ermənistana Qarabağ üzərindən danışıqlarda manipulyasiya etmək imkanını birdəfəlik gündəlikdən çıxardı. İkincisi, Ermənistanın ciddi cəhdlərlə bölgəyə beynəlxalq missiyanın gətirilməsi və Qarabağda yaşayan ermənilərin hüquqların müdafiə məsələsini məhz bu müstəvidə müdafiə etmək cəhdləri də boşa çıxdı. Bunun Azərbaycanın daxili işi olması faktı real olaraq öz əksini antiterror əməliyyatı ilə tapdı. Təbii ki, bu əməliyyatdan sonra Ermənistan və onun havadarlarının əlindən manipulyasiya alətinə çevrilmiş Qarabağ kartı çıxdıqdan sonra bir daha anladılar ki, çıxış yolu Azərbaycanla konstruktiv müstəvidə danışıqlar aparmaqdır. Buna uyğun olaraq son günlər Ermənistanın siyasi hakimiyyətinin davamlı olaraq sülh sazişinin imzalanması istiqamətində verdiyi bəyanatlar, eləcə də, antiterror əməliyyatları zamanı Ermənistanın sərgiləndiyi mövqe onu deməyə əsas verir ki, Ermənistan sülh sazişini imzalamağa yaxındır. Lakin növbəti addımlarda tərəddüdlərin və Ermənistana təzyiqlərin olmamsı şərti ilə bunun mümkünlük faizi daha çox olacaq. Bu səbəbdən də ötən gün Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi H.Hacıyevlə Ermənistan təhlkükəsizlik şurasının katibi A.Qriqoryanın növbəti görüşü keçirildi. Görüşün gündəliyi olduqca zəngin olub. Belə ki, son əməliyyatdan sonra bölgədəki ermənilərin reinteqrasiyada iştirakı, iştirak etmək istəməyənlərin Ermənistana getməsi, Azərbaycanın bölgəyə tam şəkildə humanitar yardım göstərməsi və ərazidə demilitarizasiya və dekriminallaşma tədbirlərini icra etməsi kimi vacib məqamlar müzakirə olunub. Bundan əlavə, gələn ayın 5-də İspaniyada Avropa Siyasi İcmasının III Sammitində hər iki dövlətin başçılarının görüşməsi və görüşdən əvvəl maraq doğuran məqamların müzakirə olunması gözlənilir. Qeyd etmək lazımdır ki, çox böyük ehtimalla, bu görüşdə sülh sazişinin son versiyası təqdim oluna bilər, imzalanması isə ilin axırınadək reallaşar. Bildirmək lazımdır ki, Ermənistanın Qərb partnyorları da davamlı olaraq sülhün məhz bu il imzalanmasında olduqca maraqlıdırlar. Çünki gələn il həm RF-də həm də ABŞ-da seçkilər keçiriləcək, Ukrayna-RF müharibəsinin tam yəqinliklə hansı istiqmaətdə gedəcəyini demək bir qədər çətin olduğundan bu sazişin ilin sonuna kimi imzalanmsında Azərbaycanla yanaşı Qərb tərəfdaşlar da olduqca maraqlıdırlar. İndiki məqamda top Ermənistanın ərazisindədir. Cavab addımının hansı səviyyədə israrlı və inandırıcı olmasından asılı olaraq növbəti siyasi addımlar atılacaq”.
Məhəmmədəli QƏRİBLİ