HƏMAS ABŞ daxilində hücumlar həyata keçirə bilər - FTB-dən xəbərdarlıq...
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda HƏMAS radikal hərəkatının ABŞ-a hücum edə biləcəyi istisna olunmur.
Bunu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey bildirib.
“HƏMAS və ya başqa bir xarici terror təşkilatının burada, torpaqlarımızda hücumlar həyata keçirmək üçün indiki münaqişədən istifadə edə biləcəyini nəzərə almaya bilmərik və nəzərə alırıq", - deyə o, ABŞ Konqresi Senatındakı dinləmələrdə çıxışında söyləyib. Onun sözlərinə görə, FTB HƏMAS və onunla əlaqəli təşkilatların fəaliyyətini izləyir.
Kristofer Rey xatırladıb ki, il ərzində ABŞ-da terror təhlükəsi səviyyəsi artıb, Yaxın Şərqdəki münaqişə isə “ABŞ-da amerikalılara hücum təhlükəsini tamamilə başqa səviyyəyə qaldırıb”.
ABŞ daxili təhlükəsizlik naziri Alexandro Mayorkas isə deyib ki, Fələstin-İsrail münaqişəsinin başlaması ilə Birləşmiş Ştatlarda, o cümlədən təhsil müəssisələrində antisemitizmin artması müşahidə olunur.