Qəzza fəlakəti Rusiya cəmiyyətini parçaladı...
Rusiyada keçirilən genişmiqyaslı antisemitik aksiyalardan sonra İsrail Rusiyaya xəbərdarlıq edərək, “bütün vətəndaşlarını və yəhudiləri” qorumağa çağırıb. Sosial mediada yayılan video görüntülərdə Mahaçqalada qəzəbli kütlənin hava limanı binasına daxil olaraq, “israilli qaçqınları” axtardığı əks olunub.
Federal Hava Nəqliyyatı Agentliyi aeroportdan uçuşları və enişləri dayandırıb.
Rusiyanın Aviasiya Agentliyinin bildirdiyinə görə, Moskva vaxtı ilə saat 22:20-də hava limanı ərazisində “vətəndaşların binaya icazəsiz girişinin qarşısı alınıb”, təxminən bir saat sonra binaya giriş bağlanıb və noyabrın 6-sı səhər saatlarınadək bağlı saxlanılacaq.
Etirazlarda yüzlərlə insanın iştirak etdiyi bildirilib. Dağıstanın Səhiyyə Nazirliyinin bəyanatına görə, aksiya zamanı 20-dən çox insan yaralanıb. Onlardan ikisi ağır vəziyyətdə olmaqla, ümumilikdə 10 nəfər xəstəxanaya aparılıb. Zərər çəkənlər arasında polis işçiləri ilə yanaşı mülki şəxslərin də olduğu deyilir.
Bütün bunlardan sonra Qəzza fəlakətinin Rusiya cəmiyyətini parçaladığını iddia etmək olarmı?
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qəzza məsələsində tək Rusiyada yox, bir çox başqa ölkələrdə müxtəlif formalarda etiraz aksiyaları keçirilir: “Hətta İsrail səfirliyinə hücüm formasında da özünü göstərir. Ancaq Rusiya cəmiyyətinin parçalanması məsələsinə gəldikdə, hesab edirəm ki, daxildə Rusiya çoxdan parçalanıb. Hakimiyyətin təzyiqləri nəticəsində ola bilsin ki, bu parçalanma o qədər də kənara çıxmır, hiss olunmur. Ümumiyyətlə, Ukrayna müharibəsində, Rusiyanın daxili, xarici siyasətində bir çox amillər var ki, bunlar Rusiya cəmiyyətini çoxdan parçalayıb. Ancaq Qəzza məsələsində Dağıstanda bəzi hadisələr baş verdi. Mən hesab edirəm ki, bu, cəmiyyətin parçalanmasından çox, Rusiya hakimiyyətinin özünün əmələ gətirdiyi bir məsələ idi. Yəni Rusiya daxilində də İsrailə qarşı əhalinin belə kəskin etirazı var. Ona görə də, konkret olaraq hansısa geniş fəsadlara gətirib çıxıaracağına inanmıram. Bu, sadəcə Rusiya hakimiyyətinin özünün təşkil etdiyi, ya da şərait yaratdığı məsələdir. Sadəcə görüntü hesab oluna bilər. Rusiyanın müsəlman ölkələri ilə, İranla yaxın əlaqələri var. Hər bir halda Rusiya bu mövcud məsələdə İsrailə qarşı hansısa vasitə ilə - etiraz aksiyası və ya müxtəlif formalarda siyasi gorüntü yaratmali idi. Mən hesab edirəm ki, bu amil cəmiyyətin parçalanmasının təzahürü yox, hakimiyyətin özünün təşkil etdiyi bir məsələdir. Əsas da Ukrayna məsələsində Rusiya cəmiyyəti daha geniş formada parçalanib”.
Rusiyada digər antisemitik aksiya Kabardino-Balkar Respublikasının Nalçik şəhərində olub. Rusiya mediasının yazdığına görə, təmir-tikinti işləri aparılan yəhudi mərkəzlərindən biri yandırılıb. Şəxsiyyəti bilinməyən şəxslər əvvəlcə avtomobil şinlərini yandırıblar və daha sonra yanan şinləri binanın içərisinə atıblar və tikilinin divarlarına təhqiredici ifadələr yazıblar. Hadisə zamanı insanlara xəsarət dəyməyib.
Rusiya hökumətinin “xarici agent” adlandırdığı “Bu Da Belə” və “Qafqaz Düyünü” nəşrlərinin yazdığına görə, Şimali Qafqazın digər respublikası – Qaraçay-Çərkəzdə 500-ə yaxın insan Çerkesskdə hökumət binası qarşısına yığılaraq İsraildən gələnlərin regiona daxil olmamalarını və Qaraçay-Çerkes Respublikasındakı bütün yəhudilərin qovulmasını tələb edib.
Məhəmmədəli QƏRİBLİ