Hələ də nağdsız satışdan yayınan ticarət nöqtələri var...
Artıq xeyli müddətdir ölkə gündəmində duran başlıca məqamlardan biri nağdsız ödənişlərin həcminin genişləndirilməsi ilə bağlıdır. İndiyə qədər hökumətin bu istiqamətdə atdığı addımlar, əslində müəyyən nəticələr verir. Amma nağdsız ödənişlərin miqyası hələ də istənilən həcmdə deyil.
Bunun da səbəbi bəzi dükan və ticarət obyektlərinin hələ də nağd alışa üstünlük verməsidir. Bəzi dükan sahibləri ya aparat (POS-terminal) “işləmir”, ya da sistem “donur” bəhanəsilə nağd ödənişə nail olur. Şübhə yaradan isə ilin 12 ayı aparatların xarab, sistemin isə donulu olmasıdır. Bu kimi bəhanələrlə dükan sahibləri nağdsız əməliyyatdan boyun qaçırır. Qeyd edək ki, bu hal tək ərzaq dükanlarında deyil, geyim mağazalarında da müşahidə olunur.
- Eyyub Hüseynov: “Geyim mağazaları, özəl klinikalar, avtoservis və digər kiçik dükanlarda bu məsələ geniş yayılıb”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, təkcə geyim mağazalarında yox, özəl klinikalar, yanacaqdoldurma məntəqələri, avtoservislərdə və digər kiçik dükanlarda da bu məsələ geniş yayılıb: “Bu, həm qanun pozuntusudur, həm də istehlakçı hüquqlarının pozulması deməkdir. Ümumiyyətlə, ticarət və iaşə obyektlərində dövlətin qanunları boykot olunmaqdadır. Azərbaycanda iqtisadiyyatın nağdsızlaşdırılması biznes sferasında fəaliyyətin tam şəffaflaşdırılmasını və eyni zamanda vergidən yayınma hallarının aradan qaldırılmasını nəzərdə tutur. Bu olduqca mühüm bir məqamdır. Hesablaşmaların nağd qaydada aparılması vergidən yayınmaq üçün münbit mühitin mövcud olması deməkdir. Hökumət bu istiqamətdə QHT və KİV-lə birlikdə kifayət qədər effektiv layihələr həyata keçirir, nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə bir sıra güzəştlər tətbiq edir. Lakin buna rəğmən, keçid prosesində müəyyən axsamalar var. Təəssüflər olsun ki, bu sahibkarların fırıldağı əhalinin nağdsız ödənişlərə olan inamını azaldır”.
- Kamran Məmmədli: “İstehlakçı ödəniş vasitəsi kimi plastik kartdan hər hansı maneə olmadan istifadə etməlidir”
Iqtisadçı Kamran Məmmədli hesab edir ki, POS- terminal istifadə dövriyyənin yayındırılmasına imkan vermir, buna görə də müəssisələr nağdsız ödənişdən boyun qaçırırlar: “Çox təəssüf ki, bəzi sahibkarlar vergidən yayınmaqda maraqlı olduqlarına görə POS-terminaldan istifadə etmirlər. Son illərin təcrübəsi göstərir ki, inzibati metodlardan istifadə edilməsinə ehtiyac var. Məqsəd ondan ibarətdir ki, ictimai iaşə müəssisələri, o cümlədən, şadlıq saraylarında POS-terminaldan istifadə səviyyəsinin artırmaq mümkün olsun. Bu onların dövriyyəsinin leqallaşdırılması və dövriyyənin vergiyə cəlb edilməsi baxımından çox vacibdir. İstehlakçı ödəniş vasitəsi kimi plastik kartdan hər hansı maneə olmadan istifadə etməlidir. Bu, gizli iqtisadi dövriyyənin azaldılması, iqtisadiyyatın leqallaşdırılması, həm də dövlət büdcəsinə daha çox vəsaitin daxil olması baxımından vacibdir”.
Günel CƏLİLOVA