Çörəyin qiymətini supermarketlər müəyyənləşdirir?..
Oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. Qiymət enməsi “Bravo”, “Bazarstore”, “Al”, “Araz”, “OBA”, “Neptun”, “Rahat”, “Sarı”, “Alvadi”, “Grandmart”, “Bolmart”, “Megastore”, “Bizim market”, “Baqqal” mağazalar şəbəkələrində müşahidə olunur.
Beləliklə, Azərbaycanda pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə baş verir.
Mətbuata görə, bu, cari il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir. Belə ki, cari ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə enib. Beləliklə 650 qramlıq dairəvi (zavod) çörəyinin qiymətində il ərzində ümumilikdə 21.4 faiz enmə olub.
Bəs çörəyin qiymətinin ucuzlaşmasına səbəb nədir?
Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Belə ki, cari ilin oktyabr ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 230.9 ABŞ dolları təşkil edib ki, bu 2022-ci ilin oktyabr ayı (320.4 ABŞ dolları) ilə müqayisədə təqribən 28% aşağıdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.
Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytına (https://competition.gov.az/) istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26.40 manat - 28.50 manat aralığındadır. Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40 manat – 40.15 manat aralığında təşkil edirdi.
Qeyd edilir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun olaraq formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.
Çörəyin qiymətini kim qaldırıb-endirir? Bunu məgər marketlər özləri tənzimləyir? Niyə enmələr barədə rəsmi məlumat verilmir?
- “Çörək, un istehsalçıları və buğda idxal edən bir qrup şirkət bu sahədə müəyyən inhisar yaradırlar”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “İlk növbədə onu qeyd etməliyəm ki, çörəyin qiyməti Tarif Şurasının tənzimlədiyi qiymətlər sırasına daxil deyil. Yəni Azərbaycanda çörəyin qiyməti rəsmən tənzimlənmir. Amma çörək, un istehsalçıları və buğda idxal edən bir qrup şirkət bu sahədə müəyyən inhisar yaradırlar. Bu sahədə inhisar yaratdıqlarına görə tənzimləmələri onlar özləri elan edirlər. Nə çörəyin qiyməti qalxanda, nə də enəndə dövlətin rəsmi elanı olmur. Əgər bu sahədə inhisar olmasaydı, azad rəqabət mühüti olsaydı hamı birdən qiyməti qaldırmazdı, yaxud hamı birdən qiyməti endirməzdi. Müşahidə etdiyimiz proses ondan xəbər verir ki, burda rəqabət mühiti yoxdur, yaxud çox zəifdir. Həm çörək, həm un istehsalçıları, həm də buğda idxalçıları eyni zamanda da çörəyin bahalaşmasına, yaxud ucuzlaşmasına qərar verə bilirlər”-deyə bildirdi.
A.Nəsirlinin sözlərinə görə, təxminən 2021-ci ilin yanvar ayında çörəyin qiymətinin bahalaşması ilə bağlı çörək istehsalçıları elan verdi və bir günün içində çörəyin qiyməti qalxdı. Bunun isə inhisarçılıq bazarının xüsusiyyəti olduğunu deyən A.Nəsirli hesab edir, rəqabətli bazarda heç kim qiymətin artımını və azalmasını elan etmir, sadəcə olaraq qiymətıəri ya artırır, ya da azaldır. “Şirkətlər bunu öz reklamlarında elan edə bilərlər. 2022-ci illə müqayisədə il ərzində buğdanın və unun qiyməti 30 faizə yaxın ucuzlaşıb. Biz unun qiymətinin qalxması dövründən, yəni 2021-ci ildən götürsək indiyə qədər buğdanın və unun qiyməti hardasa 40 faizə yaxın ucuzlaşıb. Amma çörəyin qiyməti isə bu il üç dəfədir ki, 5 qəpik aşağı düşür. 5 qəpik də heç çörəyin qiymətinin bir faizi belə deyil. Çörəyin qiyməti 50 qəpik olsaydı çörəyin qiymətinin 1 faizi 50 qəpik olardı. Yəni 1 faizini də təşkil etməyən bir şəkildə çörəyin qiymətini endirirlər və elan edirlər ki, çörəyin qiyməti ucuzlaşıb. Hazırda Azərbaycanda dairəvi çörəyin (zavod çörəyi) maya dəyəri 30 qəpik ətrafındadır. Hər çörəkdə indiyə qədər 30 qəpik mənfəət vardı, indi də 25 qəpik endirdilər”-deyə bildirən A.Nəsirli qeyd etdi ki, çörəyin qiyməti ilə bağlı dəyişikliklər həqiqətən də rəsmi elan olmamalıdır, çörək bazarın tələb-təklifinə uyğun qiymətləndirilməlidir.
O qeyd edir ki, hər sahibkar öz satış strategiyasına uyğun qiymət siyasəti yürüdür, yürütməlidir. “Əslində, çörəyin qiymətini marketlər müəyyən etmir. Marketlərə satış üçün çörək verən şirkət satışa görə marketə pulu özü ödəyir. Çörəyin qiymətini konkret olaraq çörək istehsalçıları müəyyən edir. Market sadəcə olaraq çörəyi onların dediyi qiymətə satır, orada marketlərin xidmət haqqı nəzərdə tutulur”-deyə A.Nəsirli qeyd etdi.
Leyla QARAXANLI