Bakıda binaların həyətlərinə girişin məhdudlaşdırılması qanunidirmi?..
Son günlərdə sosial şəbəkələrdə vətəndaşların daha çox narazılıq etdiyi məsələlərdən biri də binaların həyətlərində, yolların kənarlarında müxtəlif vasitələrlə özləri üçün "park yeri" düzəltmiş şəxslərlə bağlıdır. Belə ki, "bura mənim yerimdir" prinsipi ilə dəmir vasitələr, zəncir, slaqbaum və s. quraşdıraraq məhəllədaxili yollarda və səkilərdə, o cümlədən binaların həyətlərində "parkinqlər" düzəldirlər.
Əvvəllər bu hal daha çox yeni tikili binalarda müşahidə olunurdu. Ancaq indi köhnə tikili binalarda da sakinlərin özüləri pul yığaraq binanın giriş hissəsinə şlaqbaun yerləşdirir. Beləliklə, məhəlləyə başqa maşınların girişinə icazə verilmir. Bu isə çox zaman yersiz mübahisələr və davaya çevrilir.
- Hüseyn Axundov: “Hüquqi cəhətdən buna yanaşmaq daha doğru olardı”
Mövzu ilə bağlı fikir bildirən hüquqşünas Hüseyn Axundov “Bakı-Xəbər”ə bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.4. maddəsində yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə cərimələr nəzərdə tutulub: “Fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Bununla bağlı konkret tədbirlər görmək olar. Bu məsələ dəfələrlə qabardılıb. Odur ki, hüquqi cəhətdən buna yanaşmaq daha doğru olardı. Bir neçə dəfə həmin şəxslər cərimələnsələr, ikinci dəfə bunu etməzlər".
- Elnur Fərzəliyev: “Həyətin bağlanması xoşagələn hal hesab olunmur”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yol kənarında avtomobil saxlamaq qadağan edildiyi üçün həmin şəxslər avtomobillərini yaxınlıqda köhnə yaşayış binalarının həyətində park edirlər: “Belə olduqda həmin binanın sakinləri öz həyətlərində avtomobil saxlamağa yer tapmırlar. Odur ki, vətəndaşlar birləşib həyətə şlaqbaum qoydururlar. Bu məsələdə daha çox binanın avtomobili olan sakinləri maraqlıdır və maşınsız sakinlərdən də pul alıb şlaqbaum quraşdırmağa çalışırlar. Ümumiyyətlə isə, həyətin bağlanması xoşagələn hal hesab olunmur”.
Günel CƏLİLOVA